Əlaqə Arxiv
news Image
2012.09.09
14:52
| A A A
2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək
2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub.
APA-nın xəbərinə görə, tədbirdə olimpiadanın Bakıda keçirilməsi ilə bağlı təklif səsləndirilib və Azərbaycanın namizədliyi irəli sürülüb. 
Tədbirə qatılan Ermənistan Şahmat Federasiyasının təmsilçiləri olimpiadanın Bakıda keçirilməsi ilə bağlı müzakirələrə mane olmağa cəhd göstəriblər. 
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadası uğrunda mübarizədə Bakının imkanlarından danışıb. O, Azərbaycanda şahmatın kütləviliyi və inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işləri sadalayıb. Ermənistan tərəfinin etirazına toxunan nazir indiyədək ölkəmizdə keçirilmiş güləş üzrə 2007-ci il dünya çempionatında Ermənistan və digər ölkələrin yığmalarının tərkibində üst-üstə 51 erməni idmançının iştirak etdiyini və onların təhlükəsizliyinin tam təmin olunduğunu deyib. O, boks üzrə dünya çempionatında Rusiya yığmasının üzvü olan erməninin qızıl medal qazandığını xatırladıb. 
Nazir olimpiadanın təşkilatçılığının ən yüksək səviyyədə olacağını, tədbirə qatılacaq Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə dövlət səviyyəsində tam təminat veriləcəyini bildirib. 
A. Rəhimov Olimpiadanın təşkilatçılığı, texniki məsələlərin həlli, otel və viza məsələləri ilə bağlı sualları da cavablandırıb. 
Müzakirələrdən sonra Şahmat Olimpiadasının Bakıda keçirilməsi təklifi səsə qoyulub və qəbul olunub. 
Qeyd edək ki, Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.
Qərarın qəbulundan sonra lent.az-ın Türkiyədəki əməkdaşına müsahibə verən nazir Azad Rəhimov bu qərarın Azərbaycanın növbəsi qələbəsi olduğunu vurğulayıb: "Biz qələbələrlə addımlayırıq. Qazanılan yeni-yeni qələbələr, sözsüz ki, bizi çox sevindirir. İnanırıq ki, 2016-cı ildə Şahmat Olimpiadası Azərbaycanda çox yüksək səviyyədə keçiriləcək".
Nazir qeyd edib ki, Azərbaycan Ermənistan yığmasının Bakıda keçiriləcək Olimpiadada təmsil olunmasına çalışacaq. A. Rəhimov Ermənistan nümayəndəsinin tədbirin Təşkilat Komitəsində təmsilçiliyində də heç bir problem olmadığını deyib.
 
Sizin Reklam Yeriniz