AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az
saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XIII turunda
baş verən xoşagəlməz hadisələrə hüquqi qiymət verilib. "Neftçi" ilə
oyunda 4 futbolçusu sarı vərəqə alan "Qəbələ" 1000 manat cərimə
olunub. Qarşılaşma başa çatdıqdan sonra azarkeşlər meydana daxil
olaraq hakimlərə fiziki təsir göstərməyə cəhd etsələr də klub
nümayəndələrinin və polislərin köməkliyi ilə baş verən hadisə tez
bir zamanda aradan qaldırılıb. Bunu nəzərə alan komitə "Qəbələ"ni
təhlükəsizliyi təmin etmədiyi üçün 5000 manat cərimələyib. Analoji
hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi
sanksiyalar tətbiq olunacaq.
Matçın 41-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən meydançaya
kənar əşya atıldığı və 90+2-ci dəqiqədə qonaq azarkeşin meydançaya
daxil olduğu üçün "ağ-qaralar" 2000 manat ziyana düşüb.
Bundan başqa, Hakimlər Komitəsinə tapşırılıb ki, oyunun hakimlər
briqadası haqqında lazımi ölçü götürüb, İntizam Komitəsinə yazılı
məlumat versin. "Simurq"- "Sumqayıt Şəhər" matçında qonaqların
yerləşdiyi texniki zonada oturacaqlar sındırılıb. Bu səbəbdən
"Sumqayıt Şəhər" dəymiş zərərə uyğun olaraq "Simurq" klubunun
təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. "Xəzər Lənkəran" -
"Rəvan" matçının 61-ci və 75-ci dəqiqəsində yerli azarkeşləri
tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün kluba 2000 manat
cərimə kəsilib.